Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır.
Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni
azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.